• 15.08.2020

S(AB)U(N)SUZ

 S(AB)U(N)SUZ

C17H35OOM , C17H35OONa, C17H35OOK… Qorxmayın, bu hərf və rəqəmlərdən ibarət kombinasiyalar ən yeni koronavirusun zadın kodu deyil. Bu, sabundur.

Birinci – sabunun ümumi kimyəvi formulu, ikinci bərk sabunun, üçüncü isə maye sabunun kimyəvi formuludur.

Bitki və heyvan yağlarının tərkibindəki yağ turşusunun duzundan alınan sabun bəşəriyyətin ən gözəl ixtiralarından biridir. Sabun sözünün dilimizə Avropa dillərindən gəldiyi bildirilir.

Tarixi mənbələrə görə, sabunun hazırlanması eramızdan əvvəl təxminən 2800-cü il Şumer və Babil sivilizasiyalarına qədər gedib çıxır. Qədim Misirdə də müxtəlif yağlardan düzəldilən “sabunlardan” istifadə ediblər.

Bütün yollar Romaya aparır deyimindən tutub yola çıxsaq görərik ki, günümüzdə istifadə etdiyimiz sabunun tarixi yolları qədim Romaya, Sapo dağına aparır. Sabunun adı da məhz bu dağın adından götürüldüyü deyilir – latın dilində sapo, qədim ingilis dilində sape, qədim fransız dilində savon.

Bu gün istifadə etdiyimiz sabunların əksəriyyəti isə 1823-cü ildə fransız kimyaçısı tərəfindən hazırlanan kimyəvi tərkibli sabunlardır, yəni tərkibi kalium və natrium hidroksid duzlarından ibarətdir ki, bunu da kimyaçılar daha yaxşı izah edər.

Son olaraq vurğulamaq istəyirəm ki, 16-17-ci əsrlərdə epidemiyalara qarşı mübarizədə sabunun rolu böyük olub. Bu, tarixdir.

Bu gün isə nə yeni sabun ixtira etməyə ehtiyac var, nə də sabun bişirməyə. Allaha şükür, Mirzə Ələkbər Sabiri, Cəbiş müəllimlərimizi sabun bişirməyə məcbur edən dövrlər də arxada qaldı. Bəlkə də qalmadı. Mağazalardan tutmuş apteklərə kimi müxtəlif ölçüdə, formada, tərkibdə, rəngdə, qoxuda sabun var. Yəqin elə bir ölkə yoxdur ki, orada sabun tapılmasın. Bilmirəm. Bəlkə də var. Varsa, dünyada hələ gigiyenik inqilab olmayıb deməkdir.

Dünya bir yana, bəlkə də elə ölkəmizdə sabun tapmayanlar var. Axı elə kəndlər var əllərini yumaq nədir, içməyə belə su olmur, olsa da rejimlə (sözün bütün mənalarında) verilir. Bu, faktdır.

Sabun su olan yerdə lazımdır. Bəlkə əvvəlcə bütün kəndlərə, bütün evlərə su çəkilsin, sonra isə sabun paylansın və daha sonra koronavirusdan qorunmaq üçün əlləri sabunla ən azı otuz saniyyəyə qədər yumaq məsləhət görülsün. Amerika prezidenti Donald Trampdan tutmuş təcili yardım maşınının sürücülərinə qədər koronavirusdan qorunmaq üçün əlləri tez-tez sabunla yumağı məsləhət görürlər. Evində suyu və sabunu olmayana və ya suyu olub sabunu olmayana, yaxud da sabunu olub suyu olmayana əllərini tez-tez sabunla yumağı məsləhət görmək o deməkdir ki, sən hələ heç nəyə hazır deyilsən – nə qışa, nə yaya, nə aclığa, nə epidemiyaya, nə də Avropaya… Avropalaşmaq da bütün evlərdə 24 saat suyun və sabunun olması ilə başlayır (Koronavirus üçün isə Avropa, Asiya fərqi yoxdur). Məktəblər var müəllimlər və şagirdlər tualetdən sonra əllərini yumağa su tapmırlar. Bu fonda məktəblərə gigiyenaya əməl etməyi məsləhət görmək ya həqiqətən də hər şeyin gözəl olduğuna inanmaqdır, ya da həqiqətən o məktəbləri görməməkdir. Bu, məzələnməkdir.

Virus gələndə isə nə məzəyə baxır, nə də tibbi maskaların qiymətinə. Qiymət demiş, belə hallarda fürsətdən istifadə edib aptekləri dəllal bazarına çevirənlər koronavirusdan da təhlükəlidirlər – insanlıq üçün, səhiyyə üçün, ölkə üçün… Və ilkin profilaktika işləri məhz onlara qarşı aparılmalıdır.

Təklif edirəm, seçkiqabağı tipli kampaniyalarda sabun köpüyü əvəzinə hərəyə bir sabun paylansın və  televiziya və radiolarda sabun operası əvəzinə sabundan istifadə qaydaları əhaliyə çatdırılsın ki, sabundan təyinatı ilə düzgün istifadəni heç kəs saxtalaşdıra bilməsin. Bu, siyasət deyil.

Day keçib, mən də yazım, əlləri sabunla tez-tez yumaq virusa yoluxmaq halını həqiqətən də azaldır. Bu, kimya və statistikadır.

Sonda isə sadəcə olaraq maraqlı məlumat kimi qeyd etmək istəyirəm ki, Sabunotu adlı bitki var ki, Gürcüstanda dörd növü yetişir. Dərman bitkisi olan Sabunotunun kökü zəhərlidir və bitki sabun kimi köpüklənir. Bu isə, botanikadır.

Müəllif: Azər Musaoğlu

“Yeni YOL” qəzeti

Digər xəbərlər