• 28.05.2020

Məsuliyyətsizlə bostan əkənin tağı çiynində bitər

 Məsuliyyətsizlə bostan əkənin tağı çiynində bitər

İstəyirəm bəy sözünün çoxdan bostana göndərildiyi bir vaxtda “Bəylə bostan əkənin tağı çiynində bitər” atalar sözünü dekanstruksiya edəm (Yəqin ki, buna görə atalar məni bağışlayar). Dekanstruksiya deyəndə ki, “bəy” sözünü “məsuliyyətsiz” sözü ilə əvəz edəm, məsələn belə: “Məsuliyyətsizlə bostan əkənin tağı çiynində bitər”.

Bilirəm, məsuliyyətsizlərin əlindən boğaza yığılan məsuliyyətlilər cümləni oxuyub bitirməmiş “…tağı çiynində bitər” əvəzinə ürəkdən bir “lap” deyib, dalıyca da yeddi mərtəbəli söyüşlər yağdıracaqlar. Bu söyüş yağışı həm də bir növ özünə söz vermək, səhvi bir daha təkrarlamamaq üçün tövbə etmək olacaq – məsuliyyətsizlərdən kənar gəzib, gen dolanmaq üçün. Söyüş söyməsələr belə cümlənin “Məsuliyyətsizlə bostan əkənin…” hissəsi elə söyüş kimi səslənəcək.

Kimdir məsuliyyətsiz?

Məsuliyyətsiz üzərinə öhdəlik, cavabdehlik götürən, ancaq ayağını ayağının üstünə qoyub “ayım gəlsin, günüm keçsin” prinsipi ilə yaşayan, məsuliyyət hiss etməyən, cavabdehlik bilməyən müftəxordur, yalançıdır, ikiüzlüdür və s. Bu, üzərinə götürdüyü (!) məsuliyyətə görə əmək haqqı alanlara aiddir ki, mən də məhz onlardan danışmaq istəyirəm. Onların məsuliyyətsizliyi həm də vəzifələrindən sui- istifadə etməkdir ki, bu da cinayət hesab olunur. Nə kimisə məsuliyyətə almaq fikrindəyəm, nə də kimisə məsuliyyətə cəlb etmək iqtidarında.

Sadəcə olaraq, bir anlıq təsəvvür edin ki, vəzifəsindən asılı olmayaraq hamı öz işinə, vəzifəsinə, öhdəliyinə, səlahiyyətinə və sairinə məsuliyyətsiz yanaşır. Məsələn, müəllim dərs keçmək əvəzinə sinifdə telefonla oynayıb vaxtını ötürür. Həkim xəstəni müayinə etməmiş hamıya eyni dərmanları yazır, hamıya eyni “sistem” asmaqla yola verir. Hakim meteorizmdən əziyyət çəkdiyinə görə işin tez-bazar bağlanması üçün səhv qərar qəbul edir. Məmur öz və qohumlarının xeyrinə görə əhalinin ziyanına olan qərarlar verir. Polis oğrunu azadlığa buraxıb, doğrunu həbs edir. Təcili yardım xidmətçisi baxdığı serial sona çatmamış çağırışa çıxmır. Yanğınsöndürənlər domino oynadıqlarına görə yanğınla bağlı telefon zənginə cavab vermirlər və sair və ilaxır. Uzatmaq da olar.

Bütün bu məsuliyyətsizliklərin nəticəsi isə fatal sonluqla bitir. Məsələn, müəllimi dərs keçməyən tələbə universitetə yalnız diplom almaq üçün siqaret çəkməyə gedir; dəqiq diaqnozu qoyulmamış xəstə səhv dərmanlardan daha da xəstələnir; hakimin səhv qərarı bir insanın, ailənin taleyi ilə oynayır; məmurun öz və qohumlarının xeyrinə qərarları rüşvətə, ədalətsizliyə, etirazlara aparıb çıxarır; təcili yardımın gec yetişməsinə görə xəstə ölür; “bir partiya” domino oyununa ev yanıb kül olur və sair və ilaxır.

Məsuliyyətsizlik patologiyadır. Məsuliyyətsizlik də alkoqolizm, narkomaniya, rüşvət və sair kimi cəmiyyət üçün zərərli bir azardır ki, buna qarşı da tədbirlər görülməli, inzibati cərimələr təyin edilməlidir. Məsuliyyətsiz insanlar ümumiyyətlə işlə təmin edilməməli, insanların taleyi məsuliyyətsizlərə etibar olunmamalıdır. Bu qədər…

Müəllif: Azər Musaoğlu

“Yeni YOL” qəzeti

Digər xəbərlər