• 02.07.2020

Doğmaya aparan yol

 Doğmaya aparan yol

Son bir neçə ildə məişət həyatının bütün platformalarında hər zaman ölkəmdəki etnik azlıqların, xüsusən də gənclərin dövlət dilini öyrəndiklərini eşidirəm. Daimi olaraq onların dili öyrəndikləri zaman üzləşdikləri çətinliklərdən söz açılır. Xoşbəxtlikdən bu problemlə üzləşməmişəm. Lakin digər problemim olub və bu da doğma dilə sahib olmamağım idi.  

Bu gün Beynəlxalq Ana Dili Günü qeyd olunur. Bu bayram UNESCO 1999-cu ilin noyabrın 17-də təsis edib və 2000-ci ildən başlayaraq hər il fevralın 21-i dil, mədəni müxtəliflik və çoxdilliliyin inkişafına dəstək məqsədilə  qeyd olunur. Yuxarıda qeyd etdiyim həmyaşıdlarımdan fərqli olaraq mən dövlət dilinin öyrənilməsi (təhsil aldığım məktəbdə bu dil tədris olunmayıb) yolundan deyil, 14 yaşımda öyrənməyə başladığım doğma dilimə aparan yoldan bəhs edəcəyəm.  

Bakıda aldığım “əsas şillə”

Uşaqlıqda müəllimlər bizə deyirdi ki, doğma dil bizim düşündüyümüz, yazdığımız və sərbəst danışdığımız dildir. Bu məntiqdən çıxış edərək, mən də yaxşı mənimsədiyim dili doğma dilim hesab edirdim.

Hər birimiz özünü tapmağın lazım olduğu dövrü yaşayırıq. Mənim axtarışlarım etnik mənsubiyyətimlə başladı və dil də bunun əsas tərkib hissəsidir. Bəzən dotlarım məndən hər hansı bir sözün mənasını maraqlanırdılar. Mənsə cavab verə bilmirdim və bu zaman utanclığa keçən bacarıqsızlıq hissi məni bürüyürdü.  Mənə elə gəlirdi ki, ilk növbədə, özümü təhqir edirəm, daha sonra ailəmi və bütünlükdə Azərbaycan dilində danışan hamını. “Əsas şillə”ni isə 14 yaşında olarkən Bakıya etdiyim ikinci səfərimdə aldım. O zaman mən təvəllüdümlə bağlı sadə suala cavab verə bilmədim. Və bundan sonra da istehza dolu sözlər atəşinə məruz qaldım. Bu olayın məni necə əsəbləşdirdiyini çox yaxşı xatırlayıram və məhz bu da mənim yeni yolum üçün dönüş nöqtəsi oldu.

Qarşıma məqsəd qoydum! Məqsədim isə bu idi – doğma Azərbaycan dilini öyrənmək. Bir faktı dərk etməyə başladım ki, müəllimlərim haqlı olmayıblar. Doğma dili düşündüyümüz, danışdığımız və ya sərbəst danışdığımız dil deyil. Bu dil soy-köklə, ana ilə bağlıdır. Ana dili bizim ilk sözü tələffüz etdiyimiz dildir.

“Əli və Nino” ilə yola çıxdım

Nə qədər bayağı görsənsə də, mənim Azərbaycan ədəbiyyatına yolumu açan ilk kitab Qurban Səidin “Əli və Nino” romanı oldu. Bu əsərin mənim üçün Gürcüstan əsilli olaraq simvolik mənası da vardı. Kitabı vərəqləyərkən həddindən artıq anlaşılmayan sözlərlə rastlaşırdım. Vərəqlər bütünlükdə sözlərin altından xətt çəkdiyim karandaş izləri ilə dolmuşdu, yeni sözlər isə həm tələffüz, həm də yadda saxlamaq üçün mürəkkəb oldu.  Lakin geriyə yol yox idi! Fikirlərimdə belə buna yol vermirdim! Bu romanın dili mənim üçün doğma olan ölkənin birliyi və azadlığı uğrunda mübarizə aparan qəhrəmanları kimi. Yəqin ki,  geri çəkilmə ilk növbədə Səidin qələminə hörmətsizlik olardı…

Səiddən sonra Əsəd bəy, İsmayıl Şıxlı, Şəhriyar, Bəxtiyar Vahabzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Nəriman Nərimanov və digər klassiklərlə “yola davam etdim”.

Başa çatmayan yol

Sonrakı illərdə bütün komplekslərimi kənara qoyub özümü Azərbaycan dilində danışmağa məcbur etdim. Sözlərin tələffüzündə yol verdiyim səhvləri “bilici”lərin tənələrini doğururdu. Lakin onlar mənim keçdiyim yoldan xəbərsiz idilər. Üzərimdə işləməyi davam etdikcə mən müəyyən nəticə və səviyyəyə çatdım. Kənardan kömək olmadan buna nail olmaq daha çətin olardı.

Dil fenomeni hər bir insanın təməlində dayanır. Kökləri unutmamaq üçün dilinin olduğunu dərk etmək gərəkdir.  

Babam daim təkrar edərdi: “Özünü unudan insan yarı insan olur”. Yolum hələ başa çatmasa da, mən unudulmamağı seçmişəm.

Ana dili gününüz mübarək!

Müəllif: Gülnarə Səfərli

Digər xəbərlər