Tbilisinin mərkəzində Gəncə terroru pislənilib – FOTO

 Tbilisinin mərkəzində Gəncə terroru pislənilib – FOTO

18 Oktyabr, 2020 | 16:55

Tbilisidə Gürcüstan parlamentinin binası qarşısında “Erməni terroruna son!” şüarı altında aksiya keçirilib.

NewsBureau xəbər verir ki, aksiyada Ermənistanın son günlərdə Gəncə şəhərinə etdiyi raket hücumları zamanı həlak olanların xatirəsi anılıb.

Aksiyada azərbaycanlı gənclər və gürcü ziyalılar iştirak ediblər. Onlar ilk öncə Gəncə şəhərində həlak olanların və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

İştirakçılar Ermənistanın insanlığa sığmayan cinayətlərini qınayıblar, “Qarabağ Azərbaycandır!”, “Yaşasın Azərbaycan ordusu!” və Azərbaycana digər dəstək şüarları səsləndiriblər.

Aksiyada Gəncə terrorunu əks etdirən fotoşəkillər nümayiş etdirilib, həlak olanların xatirəsinə ehtiram olaraq gül dəstələri düzülüb, şamlar yandırılıb.

Gürcü tarixçi Quram Marxuliya, Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev, əsgər anası Rəhilə Rüstəmova və azərbaycanlı icmasının digər üzvləri də aksiyaya qoşulublar.

Digər xəbərlər