Tbilisidə Azərbaycana dəstək yürüş aksiyası keçirilib – FOTO

 Tbilisidə Azərbaycana dəstək yürüş aksiyası keçirilib – FOTO

28 Sentyabr, 2020 | 16:45

Bu gün Tbilisidə Azərbaycana dəstək aksiyası keçirilib.

NewsBureau xəbər verir ki, aksiya iştirakçıları öncə Heydər Əliyev adına parkda toplaşıblar.

Onlar Azərbaycan dövləti və ordusuna dəstək olduqlarını bildiriblər.

Daha sonra aksiyaçılar Azərbaycanın Gürcüstandakı səfirliyinin binasına qədər yürüş ediblər. Əllərində Azərbaycan, Türkiyə və Gürcüstan bayraqları tutan yürüşçülər yol boyu “Qarabağ Azərbaycandır!”, “Qarabağa azadlıq!” şüarları səsləndiriblər.

Səfirlik binası qarşısında davam etdirilən aksiyada gənclər Azərbaycan himnini ifa ediblər və şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anıblar.

Azərbaycan səfirliyinin I katibi Anar Rəsulov aksiya təşkilatçıları və iştirakçılarına təşəkkür edib. Onun sözlərinə görə, Azərbaycan Ordusu ərazi bütövlüyünün bərpası uğrunda uğurlu əməliyyatlar həyata keçirir və zəfər çalır.

Diplomat çıxışında Gürcüstanda yaşayan azərbaycanlıları ayıq-sayıqlığa və ermənilərin mümkün təxribatlarına uymamağa çağırıb.

Dəstək aksiyası “Vur keç səngəri, Azərbaycan əsgəri!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə başa çatdırılıb.

Digər xəbərlər