Politoloq: “Hökumət gürcü və yerli azərbaycanlılar arasında heç bir fərq qoymur”

 Politoloq: “Hökumət gürcü və yerli azərbaycanlılar arasında heç bir fərq qoymur”

5 İyun, 2020 | 17:22

“Gürcüstan və Azərbaycanın bədxahları iki ölkə arasındakı münasibətləri sarsıtmağa səylər göstərirlər”.

NewsBureau xəbər verir ki, bu barədə “Report”un yerli bürosuna açıqlamasında Gürcüstan İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professor Levan Metreveli bildirib.

Onun sözlərinə görə, bu cəhdlərin hər hansı bir nəticə verməsi mümkün deyil, çünki hər iki dövlət və xalq arasında əlaqələr olduqca güclüdür:

“Gürcüstanın Azərbaycanla tarixən mədəni, humanitar, iqtisadi və digər bütün sahələrdə möhkəm əlaqələri olub. Əlbəttə, istənilən anda arzuolunmaz və lazımsız təxribat məqsədli hərəkətlər müəyyən gərginlik yaradır. Bunların da arxasında məsuliyyətsiz siyasətçilər və onların tərəfdarları dayanır”.

Politoloq deyib ki, təxribat xarakterli bütün cəhdlərə çox diqqətlə yanaşmaq və qanunun gücü ilə onların qarşısını dərhal almaq lazımdır:

“İki xalq arasında münasibətlərdə gərginliyi alovlandırmağa cəhd edən istənilən şəxslər aidiyyəti dövlət qurumları tərəfindən müvafiq qaydada cəzalandırılacaq. Bundan başqa, onlar ictimai qınaqla da üzləşəcəklər”.

L.Metreveli bu məsələdə ictimaiyyətin, ilk növbədə, KİV-lərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirib:

“Media qurumları hər hansı siyasi təşkilat və ya siyasətçiyə deyil, xalq və dövlətə xidmət etməlidirlər. KİV baş verən hadisələri düzgün formada ictimaiyyətə təqdim etməlidir”.

Ekspertin sözlərinə görə, ötən gün David Qareci (“Keşikçidağ”) kompleksinə daxil olan məbəddə dini mərasim adı altında əslində təxribat məqsədli siyasi tədbir təşkil olunub:

“Bunun da arxasında müxalif Vahid Milli Birlik Hərəkatı Partiyasının tərəfdarları durur. Onlar parlament seçkiləri öncəsi ölkədə gərginlik yaratmaq məqsədi güdməklə bütün mümkün metod və vasitələrə əl atırlar”.

Yerli azərbaycanlılar və gürcülər arasında etnik zəmində təxribatlara cəhdləri şərh edən politoloq deyib ki, bəzi qüvvələr bu məsələni daha da şişirtməkdə maraqlıdırlar:

“Nəriman Nərimanovun heykəlinin götürülməsi ilə bağlı məsələ barəsində informasiyalar ictimaiyyətə düzgün formada çatdırılmır. Bəzi müxalif qüvvələr Marneulidə sərt karantin rejimi dövründə yerli sakinlərə yanlış məlumatlar çatdıraraq onlarda etirazlar yaradırdılar. Bunu sübut edən faktlar var. Marneuli kimi həssas bölgə ilə bağlı səsləndirilən bütün ifadə və bəyanatlar daha məntiqli və ethiyatlı olmalıdır”.

L.Metreveli qeyd edib ki, Gürcüstan hökuməti 2012-ci ildən etibarən gürcü və yerli azərbaycanlılar arasında heç bir fərq qoymur: “Hökumət üçün bütün vətəndaşlar bərabərdir. Yerli azərbaycanlılar Gürcüstan milləti və xalqının tərkib hissəsidir”.

Digər xəbərlər