Gürcüstanda fövqəladə vəziyyət başa çatıb, bəzi məhdudiyyətlər qalır

 Gürcüstanda fövqəladə vəziyyət başa çatıb, bəzi məhdudiyyətlər qalır

23 May, 2020 | 00:04

Bu gündən etibarən Gürcüstanda fövqəladə vəziyyətin müddəti başa çatıb.

NewsBurea xəbər verir ki, komendant saatının tətbiqi də aradan qaldırılıb.

Buna baxmayaraq, ölkədə bir sıra məhdudiyyət və qadağalar qüvvədə saxlanılacaq.

Ölkədə restoran, kafe və barlarda yerində xidmət, mehmanxanalar, iri ticarət mərkəzləri, geyim və ayaqqabı mağazaları, idman və mədəniyyət obyektlərinin fəaliyyətinə tətbiq olunan məhdudiyyətlər davam edəcək. İctimai nəqliyyatın işi bərpa olunmayacaq, toy və digər bu kimi izdihamlı tədbirlərə icazə verilməyəcək.

Qapalı məkanlarda tibbi maska taxmaq, sosial məsafə saxlamaq mütləq tələb olunacaq.

Bununla yanaşı, Bolnisi rayonunun azərbaycanlılar yaşayan Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndləri və Tetritskaro rayonunda sərt karantin rejimi davam etdiriləcək.

Gürcüstan hökuməti iyulun 15-dək müəyyən məhdudiyyətləri ölkədə fövqəladə vəziyyət elan etmədən tətbiq etmək səlahiyyətinə malik olacaq.

Qeyd edək ki, ölkədə martın 21-də aprelin 21-dək elan edilən fövqəladə vəziyyətin müddəti ilk öncə mayın 10-dək, daha sonra isə mayın 22-dək uzadılıb. /Report/

Digər xəbərlər