• 30.03.2020

Marneuli sakinini koronavirusa Azərbaycan vətəndaşının yoluxdurmadığı müəyyən olunub

 Marneuli sakinini koronavirusa Azərbaycan vətəndaşının yoluxdurmadığı müəyyən olunub

Gürcüstanda koronavirusa yoluxan Marneuli sakini olan 62 yaşlı azərbaycanlı qadının bu infeksiyaya yoluxması Azərbaycanla əlaqələndirilir.

NewsBureau xəbər verir ki, yerli mətbuat və sosial mediada yayılan məlumatlarda iddia olunur ki, həmin qadın Azərbaycandan gələn bacısından koronavirusa yoluxub.

Araşdırmalar zamanı məlum olur ki, Marneuli sakininin S.M. adlı bacısı martın ilk günlərində yas mərasimində iştirak etmək üçün Gürcüstana səfər edib. Azərbaycana qayıdandan sonra o, koronavirusla bağlı iki dəfə müvafiq testdən keçirilib və hər iki halda nəticələr mənfi olub.

Bu səbəbdən marneulili qadının iddia olunduğu kimi Azərbaycandan idxal olunan koronavirusa yoluxması ehtimalları özünü heç bir halda doğrultmur. Həmin şəxsin bu infeksiyaya Gürcüstan daxilində yoluxması ehtimalı daha da güclənir. Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən də qadının virusa yoluxduğu ilkin mənbənin hələ müəyyən olunmadığını bildiriblər.

Hazırda 62 yaşlı qadın Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Azərbaycanın Gürcüstandakı səfirliyindən də Oxu.az-a bildirilib ki, Marneuli sakininə virusun Azərbaycandan gələn qonaqların birindən keçməsi ehtimalı təsdiqini tapmayıb: “Koronavirusa yoluxmuş şəxs əslən azərbaycanlı olan Gürcüstan vətəndaşıdır. Bir müddət əvvəl həmin ailənin Azərbaycandan qonaq qəbul etməsi barədə məlumat yayıldı. İddia edilirdi ki, yoluxma məhz Azərbaycandan gələn şəxs vasitəsilə baş verib. Lakin müvafiq analizlər Azərbaycandan gələn şəxsdə koronavirus olmadığını sübut etdi.

Yoluxma ölkə daxilində baş vermişdi. Virus aşkarlandığı üçün qadın və təmasda olduğu ailə üzvləri, eləcə də, Azərbaycandan gələn bacısı nəzarətə götürülüb”.

Digər xəbərlər