Qan yaddaşı: Gürcüstandan olan 20 Yanvar şəhidləri – FOTOLAR

 Qan yaddaşı: Gürcüstandan olan 20 Yanvar şəhidləri – FOTOLAR

20 Yanvar faciəsinin 30-cu ildönümü tamam olur.

NewsBureau xatırladır ki, sovet qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülüb, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz həbs olunub, 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilib. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili tibbi yardım işçiləri və milislər olub.

Şəhidlər arasında əslən Gürcüstandan olan altı nəfər də var. Onlar haqqında qısa məlumatı təqdim edirik.

İsmayıl Həsən oğlu ­Mursaqulov (1939-1990)

İsmayıl Həsən oğlu Mursaqulov 1939-cu il noyabrın 23-də qədim Borçalı mahalının – indiki Marneuli rayonunun Qızılhacılı kəndində anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirib, 1985-ci ildə Moskvada doktorluq dissertasiyası müdafiə edib.

Yanvarın 24-də dostu, professor İbrahim İbrahimovla birgə onun “Jiquli”sində Azərbaycan SSR Elmlər Akademiyasının Sumqayıt filialına işə gedərkən Bakı-Sumqayıt yolunun 22-ci kilometrliyində tank onların maşınının üstündən keçib. Maşındakı beş nəfərdən üçü yerindəcə həlak olub. Bir qədər sonra ölkəyə İsmayıl Mursaqulov, Svetlana Məmmədova və İbrahim İbrahimov adlı üç görkəmli alimin şəhid olması xəbəri yayılıb.

Professor İsmayıl Mursaqulov Şəhidlər Xiyabanında dəfn olunub.

Rəşid İslam oğlu İsmayılov (1949-1990)

Rəşid İslam oğlu İsmayılov 1949-cu il avqustun 27-də Gürcüstanın Qardabani rayonundakı Ağtəhlə kəndində anadan olub. Rostov Dəmir Yolu İnstitutunu bitirib. Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində dispetçer vəzifəsində işləyib. 20 Yanvar gecəsində işdən evə qayıdarkən Biləcəri qəsəbəsində qarın nahiyəsindən yara alıb, qəsəbədəki 2 nömrəli dəmir yolu xəstəxanasına çatdırılıb, cərrahiyyə əməliyyatından 3 gün sonra – yanvarın 23-də vəfat edib.

Mərhum Şəhidlər Xiyabanında dəfn edilib.

İlqar Hümmət oğlu Əhmədov (1965-1990)

İlqar Hümmət oğlu Əhmədov 1965-ci il mayın 25-də Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universitetinin) 4-cü kurs tələbəsi idi. Yanvarın 19-dan 20-nə keçən gecə dostları ilə birlikdə Salyan Kazarmasının yanında olub. Əsgərlər dinc əhaliyə divan tutanda İlqar dostları ilə yaralıları və ölüləri maşınlara yerləşdirib xəstəxanalara yola salıb. Bu isə imperiya xidmətçilərinin xoşuna gəlməyib, gecə saat 02.30-da İlqar da sol gözündən güllə yarası alaraq həlak olub.

Mərhum Faxralı kəndində – anadan olduğu torpaqda dəfn edilib.

Ələsgər Yusif oğlu Qayıbov (1966-1990)

Ələsgər Yusif oğlu Qayıbov 1966-cı il martın 15-də Qaraçöp mahalında – Gürcüstanın Saqareco rayonundakı Yormuğanlı kəndində anadan olub. Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun ikinci kurs tələbəsi idi. O gecə xeyli yaralıya kömək edib, onları metronun “Gənclik” stansiyasının yanından götürərək 5 nömrəli xəstəxanaya aparıb və geri qayıdıb. Sonuncu dəfə özü də xəstəxanaya yaralı kimi gətirilib. Üzərində mürəkkəb cərrahiyyə əməliyyatı aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. Yanvarın 21-də səhər saat 7-də gözlərini əbədi yumub.

Vəfadar Osman oğlu Eminov (1966-1990)

SONY DSC

Vəfadar Osman oğlu Eminov 1966-cı il mayın 1-də Marneuli rayonundakı Kirəc-Muğanlı kəndində anadan olub. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin axşam şöbəsində oxuyub. 1 nömrəli tikiş fabrikində fəhlə işləyib. Yanvarın 23-də təxminən gündüz saat bir radələrində Qədirli adına xəstəxanaya gələrək yaralılara qan verib. Keçmiş “Olimp” mağazasının qarşısından keçərkən yağı gülləsinə tuş gəlib…

Mərhum Şəhidlər Xiyabanında dəfn edilib.

Tengiz Məmməd oğlu Turabov (1966-1990)

Tengiz Məmməd oğlu Turabov 1966-cı ildə Bolnisi rayonundakı Kəpənəkçi (indiki Kvemo-Bolnisi) kəndində anadan olub. Əslində ­İrkutskda yaşayan, burada inşaat sahəsində çalışan, həm də tibb məktəbinin 1-ci kurs tələbəsi olan Tengiz həmin hadisələr ərəfəsində Bakıya məzuniyyətə gəlmişdi. Həkim olmaq, xalqına xidmət etmək arzusu ilə yaşayırdı. O müdhiş gecədə Şmidt adına zavodun qarşısında amansızcasına qətlə yetirildi.

O, Şəhidlər Xiyabanında dəfn edilib.

Allah bütün şəhidlərə rəhmət etsin.

Digər xəbərlər