• 20.02.2020

Marneulidə məktəbin yerində idman meydançası tikilir, azərbaycanlılar narazıdır

 Marneulidə məktəbin yerində idman meydançası tikilir, azərbaycanlılar narazıdır

Gürcüstanın Marneuli rayonunun Sabirkəndində yerləşən 2 saylı 9 illik ictimai məktəbin yerində idman meydançasının tikintisinə başlanılıb.

NewsBureau “Report”a istinadla xəbər verir ki, bu, yerli azərbaycanlılar arasında böyük narazılıq yaradıb.

Kənd sakinləri bildiriblər ki, qəzalı və yararsız vəziyyətdə olan təhsil müəssisəsinin sökülərək yerində yeni məktəb binasının inşa olunacağı gözlənilirdi. Azərbaycandilli məktəbin yerində idman meydançasının salınması isə yerli sakinlər üçün gözlənilməz olub.

Məsələyə münasibət bildirən Marneuli Təhsil Resurs Mərkəzinin rəhbəri Kənan Ömərov “Report”a açıqlamasında deyib ki, Sabirkənd 2 saylı məktəb 10 ildir fəaliyyət göstərmir: “Həmin məktəb qəzalı vəziyyətdə olduğundan 2010-cu ildə Gürcüstanın Təhsil və Elm Nazirliyinin müvafiq qərarı ilə Sabirkənd 1 saylı məktəbə birləşdirilib”.

Onun sözlərinə görə, məktəb binasının yerində stadion tikintisini yerli idarəetmə orqanı həyata keçirir və yararsız tikili demontaj olunacaq.

K.Ömərov əlavə edib ki, Sabirkənd 1 saylı məktəb də qəzalı vəziyyətdə olduğundan onun yerində yeni bina tikiləcək: “Artıq layihə təsdiqlənib və bu il ərzində tikinti işlərinə başlanılacaq. Sabirkənd məktəbinin şagirdləri iki ilə yaxındır Algeti kənd məktəbinin ikinci növbəsində təhsil alırlar”.

Digər xəbərlər