• 17.11.2019

Avropa Şurasından Gürcüstana çağırış: Topoqrafik işarələr Azərbaycan dilində əks etdirilsin

 Avropa Şurasından Gürcüstana çağırış:  Topoqrafik işarələr Azərbaycan dilində əks etdirilsin

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Kvemo Kartli və Kaxeti bölgələrində topoqrafik işarələrin gürcü dili ilə yanaşı Azərbaycan dilində də göstərilməsi müşahidə olunmayıb.

Bu barədə Avropa Şurasının “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasının Məsləhətçi Komitəsinin məruzəsində bildirilib. 

Komitə Gürcüstan hakimiyyətini milli azlıqların yaşadıqları bölgələrdə topoqrafik işarələrin onların öz dillərində də əsk olunması üçün səylərini fəallaşdırmağa çağırıb.

Məruzədə qeyd olunub ki, Məsləhətçi Komitə ermənilərin sıx yaşadığı Axalkalakidə küçə adlarının erməni dilində də olduğunu müəyyən edib. Lakin rayonların girişində, tarixi əhəmiyyətli və turist məkanları kimi digər topoqrafik işarələr erməni dilində yerləşdirilməyib. 

Sənədə əsasən, yerli hakimiyyət orqanları bildiriblər ki, tənzimləmələrə uyğun olaraq işarələrin gürcü və ingilis dilindən başqa digər dildə göstərilməsinə yol verilmir. Məsləhətçi Komitə xatırladıb ki, “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasına əsasən, işarələrin milli azlıqların dillərində əks olunmasının aydın və birmənalı şəkildə qanunvericilik bazası olmalıdır. Bu təcrübənin olması, lakin qanunla dəstəklənməməsi isə kifayət deyil.

Komitə Gürcüstan hakimiyyətini milli azlıqlara məxsus şəxslərin öz dillərindən şifahi və yazılı formada istifadə hüququna effektiv olaraq zəmanət verməyi və müvafiq qanunvericilik aktlarının  milli azlıqların dillərinə tərcüməsini təmin etməyi tövsiyə edib.

Digər tövsiyəyə əsasən, Gürcüstanda milli azlıq nümayəndələri və onların yaşadığı rayonların inzibati orqanları arasındakı münasibətlərdə milli azlıqların dillərindən istifadə təmin olunmalıdır.

Qeyd edək ki, Gürcüstan “Milli azlıqların müdafiəsi haqqında” Çərçivə Konvensiyasını 2005-ci ilin dekabrında ratifikasiya edib. Sənədə əsasən, milli azlıqların ənənəvi olaraq yaşadıqları və ya etnik azlıq nümayəndələrinin yığcam məskunlaşdıqları yerlərdə ənənəvi yer adları, əgər tələb və ehtiyac yaranarsa küçə adları və topoqrafik işarələr azlıqların dilində də yerləşdirilməlidir.

Oxşar xəbərlər