Azərbaycan prezidentinin köməkçisi: “Gürcüstanla istənilən məsələni dostcasına müzakirə edirik”

 Azərbaycan prezidentinin köməkçisi: “Gürcüstanla istənilən məsələni dostcasına müzakirə edirik”

18 Avqust, 2020 | 10:25

“Azərbaycan ilə Gürcüstan arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Əlaqələrimiz mehriban qonşuluğun ən uğurlu modellərindən biridir və digər ölkələr üçün nümunə ola bilər. Hər iki ölkə ərazi bütövlüyünün pozulmasından əziyyət çəkir. Ölkələrimiz bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”.

NewsBureau xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev AzərTac-a müsahibəsində deyib.

O bildirib ki, Azərbaycan və Gürcüstan nəhəng enerji və nəqliyyat layihələrini birgə səylərlə uğurla icra ediblər: “Biz növbəti uğur hekayəsi olan Cənub Qaz Dəhlizinin ilin sonuna qədər istismara veriləcəyini gözləyirik. Azərbaycan şirkətləri Gürcüstanda böyük vergiödəyiciləridir. Şirkətlərimizin iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün bir sıra yeni təklifləri var”.

H.Hacıyev Azərbaycan hakimiyyəti və Gürcüstanın hazırkı iqtidarı arasında etimada əsaslanan konstruktiv dialoqun mövcud olduğunu qeyd edib: “Biz istənilən məsələni açıq surətdə və dostcasına müzakirə edirik. Bu əməkdaşlıq qarşılıqlı faydalı xarakter daşıyaraq xalqlarımızın və dövlətlərimizin maraqlarına xidmət edir. Bu günlərdə Ermənistana göndərilən silahların rəsmi Tbilisi tərəfindən ölkə ərazisindən tranzit kimi istifadə edilərək keçirilməsinə imkan verilməməsini yüksək dəyərləndiririk. Həm Azərbaycan, həm də Gürcüstan hakimiyyəti münasibətlərin bundan sonra daha da dərinləşdirilməsi əzmindədir”.

Digər xəbərlər