Azərbaycanın baş naziri gürcüstanlı həmkarına məktub göndərib

 Azərbaycanın baş naziri gürcüstanlı həmkarına məktub göndərib

15 Oktyabr, 2020 | 12:05

Azərbaycanın baş naziri Əli Əsədov oktyabrın 14-də gürcüstanlı həmkarı Giorgi Qaxariaya məktub ünvanlayıb.

NewsBureau xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Mətbuat xidmətindən bildirilib.

Məktubda Gürcüstanın baş naziri sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatı ilə bağlı məlumatlandırılıb. Xüsusi vurğulanıb ki, humanitar atəşkəsə dair razılıq əldə edildikdən bir gün sonra Ermənistan silahlı qüvvələrinin gecə saatlarında Gəncənin mərkəzindəki çoxmənzilli yaşayış binalarını “SCUD” raket sistemindən atəşə tutması nəticəsində 5-i qadın olmaqla 10 nəfər həlak olmuş, 10-u qadın, 9-u uşaq olmaqla 34 nəfər yaralanıb.

Ermənistanın Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinə zərbə endirmək cəhdinə Gürcüstan Xarici İşlər nazirliyinin dərhal münasibət bildirməsinin təqdirəlayiq olduğu vurğulanıb. Qeyd edilib ki, Azərbaycan və Gürcüstan bütün beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyir, iki ölkənin üzləşdiyi münaqişələrin beynəlxalq hüququn prinsip və normaları, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı əsasında, habelə beynəlxalq təşkilatların müvafiq qətnamə və qərarlarına uyğun olaraq həll olunması məsələsində bir-biri ilə həmrəylik göstərir.

Digər xəbərlər