Azərbaycan prezidenti: “Gürcüstanda bəzi ermənilər altdan-altdan təxribat xarakterli işlər aparırlar”

 Azərbaycan prezidenti: “Gürcüstanda bəzi ermənilər altdan-altdan təxribat xarakterli işlər aparırlar”

19 Sentyabr, 2020 | 20:12

“Həqiqətdir ki, Ermənistan və Gürcüstanda yaşayan ermənilər, eyni zamanda gürcü familiyalı altında gizlənən etnik ermənilər hər vəchlə çalışırlar ki, Gürcüstan-Azərbaycan əlaqələrinə zərbə vursunlar”.

NewsBureau xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara müsahibəsində deyib.

Onun sözlərinə görə, Gürcüstanda keçən il baş vermiş bəzi təxribat xaraketrli hadisələrin mənbəyi dünya erməniliyidir: “Onların Gürcüstanda əsas məqsədi Gürcüstan-Azərbaycan əlaqələrini pozmaqdır. Amma buna nail ola bilməyəcəklər. Çünki Azərbaycan və Gürcüstan etibarlı tərfdaşlardır və biz bütün məsələləri açıq şəkildə müzakirə edirik. Azərbaycan hər zaman Gürcüstanın yanında olub”.

Prezidentin sözlərinə görə, Azərbaycan hər zaman Gürcüstanda ancaq inkişafın, rifahın, sabitliyin tərəfdarı olub:

“Amma baxın, Ermənistan özünü necə aparır. Ermənistan rəhbərliyinin təhriki ilə Gürcüstanda yaşayan bəzi yerli ermənilər orada qızışdırıcı fəaliyyətlə məşğul olurlar. Onlar separatizmə meyl göstərirlər, altdan-altdan orada təxribat xarakterli və ideoloji işlər aparırlar. Amma Ermənistan Gürcüstana qarşı səmimi münasibət göstərir? Xeyr, göstərmir. Onlar gürcü kilsələrinə əsassız iddia edirlər, ermənilərin yaşadıqları bölgədə tarixi abidələri erməniləşdirirlər, orada Gürcüstanın dövlət rəmzlərinə lazımı hörmət göstərmirlər”.

İ.Əliyev deyib ki,  Ermənistan BMT və digər beynəlxalq təşkilatlarda həmişə Gürcüstanın əleyhinə səs verir: “Ermənistan ərazi bütövlüyü məsələlərində həmişə Gürcüstanın əleyhinə səs verir. Bu, necə ola bilər? Sən bu ölkənin ərazi bütövlyünü tanımırsan. Eyni zamanda gürcü xalqı, əminəm ki, unutmayıb Abxaziyada gedən müharibədə erməni “Baqramyan” batalyonu hansı vəhşiliklər törədib və kimin tərəfində vuruşub”.

Dövlət başçısı Azərbaycanın bütün dövrlərdə Gürcüstanın yanında olduğunu qeyd edib: “Azərbaycan bütün beynəlxalq təşkilatlarda Gürcüstanın ərazi bütövlüyü ilə bağlı birmənalı mövqe göstərib və göstərəcək. Bu gün Gürcüstan xalqı hesab edirəm ki, kimin onun dostu, kimin isə onun düşməni olduğunu yaxşı bilir”.

Digər xəbərlər