Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə səfər qaydaları sərtləşdirilir

 Gürcüstan vətəndaşlarının Avropa ölkələrinə səfər qaydaları sərtləşdirilir

30 Avqust, 2020 | 11:58

Şengen zonasına səfər etmək istəyən Gürcüstan vətəndaşları üçün yeni qaydalar hazırlanıb.

NewsBureau xəbər verir ki, Gürcüstan parlamenti gələn həftə qaydaları üçüncü oxunuşda nəzərdən keçirəcək.

Yeni qaydalara əsasən, Gürcüstan vətəndaşının biometrik pasportu yoxdursa, onu ölkədən buraxmaya bilərlər. Pasport 10 il müddətinə verilməli və vətəndaşın vətənə qayıtması zamanında etibarlılıq müddətinin başa çatmasına ən azı 3 ay qalmalıdır.

Gürcüstan vətəndaşının geri qayıdış bileti və ya mehmanxana bronu, digər sənədlər və Şengen zonasında həmin şəxsi qəbul edəcək insanın dəqiq ünvanı olmasa, onun ölkə ərazisini tərk etməsinə icazə verilməyə bilər.

İmtinanın səbəbi sığortanın, həmçinin pul vəsaitinin kifayət qədər olmaması da ola bilər.

Düzəlişlərə əsasən, Gürcüstan vətəndaşlarına xarici ölkədə sığınacaq alması üçün pul müqabilində saxta arayış və sənədlərin verilməsinə görə cinayət məsuliyyətinin tətbiqi də nəzərdə tutulub.

Bu cür əməllərə qarşı 2 ildən 6 ilədək, ağırlaşdırıcı hallarda isə 3 ildən 8 ilədək həbs cəzası tətbiq olunacaq.

Bu cür sərt qaydaların qəbul olumasına səbəb Avropa İttifaqı ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artmasıdır.

Bununla bağlı Almaniya, Fransa, İsveç, İslandiya narahatlıq ifadə ediblər və Gürcüstan hakimiyyətini müvafiq addımlar atmağa çağırıblar.

Qanun parlamentdə üçüncü oxunuşdan, prezidentin imzalamasından və dərc olunandan sonra qüvvəyə minəcək.

Xatırladaq ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər etmək (180 gün ərzində 90 gün) hüququ əldə ediblər.

Digər xəbərlər