Batumidə seçki baneri qalmaqalı: Səhv, yoxsa Türkiyəyə qarşı təxribat?

 Batumidə seçki baneri qalmaqalı: Səhv, yoxsa Türkiyəyə qarşı təxribat?

30 Avqust, 2020 | 12:40

Ötən gün Batumidə “Vətənpərvərlər Alyansı” partiyasının bir neçə seçki baneri asılıb və təşviqat materialları ciddi narazılıq yaradıb.  

NewsBureau xəbər verir ki, banerdə təsvir olunan Gürcüstan xəritəsində Acarıstan işğal olunan Tsxinvali regionu və Abxaziya ilə birgə qırmızı rənglə göstərilib.

Bilbordda “Acarıstanı qoru!” sözləri də yazılıb.  

Plakatlardan birini “Gürcüstan üçün Lelo” partiyasının fəalı çıxarıb.

Batumi meriyasından bildirilib ki, banerlər qanunsuz olaraq yerləşdirilib. Buna görə də inzibati pozuntu ilə bağlı xüsusi protokol tərtib olunub.

“Vətənpərvərlər Alyansı” partiyasının liderlərindən biri İrma İnaşvili iddia edib ki, seçkiqabağı plakatlar üçün tamamilə başqa dizayn razılaşdırılıb. Onun sözlərinə görə, “işğal olunmuş” Acarıstanın yer aldığı banerlərin yerləşdirilməsi barədə müxalif telekanalların xəbər buraxılışlarından öyrənib.

Siyastəçi seçki plakatları ilə bağlı qalmaqalı siyasi opponentlərinin təxribatı kimi qiymətləndirib.

Bununla belə, İ.İnaşvili qeyd edib ki, partiya Türkiyə ilə bağlı bəyanatlarından imtina etmir. Onun sözlərinə görə, Acarıstanın həqiqətən də müdafiəyə ehtiyacı var, belə ki, “Türkiyənin qəsdən iqtisadi və ideoloji  ekspansiyası” real problemdir.

Digər xəbərlər