• 30.03.2020

Zaur Darğallı sosial mediada etnik ayrı-seçkiliklə bağlı fikirlərə münasibət bildirib

 Zaur Darğallı sosial mediada etnik ayrı-seçkiliklə bağlı fikirlərə münasibət bildirib

Marneuli meri Zaur Darğallı bəyanat yayıb.

NewsBureau xəbər verir ki, o, son günlər koronavirusun yayılması ilə bağlı sosial mediada etnik ayrı-seçkiliyə əsaslanan statusların yayılmasına münasibət bildirib.

Z.Darğallı sosial mediada çox mənfi, əsassız və ksenofob statuslar, şərhlər və ya bəyanatlarla rastlaşdığını qeyd edib:

“Bununla yanaşı bilirik ki, biz hamımız adət-ənənələrə əməl edən bir xalqıq. Toylar, cənazələr və s. bu kimi mərasimlərimiz eynidir və bizim üçün çox əhəmiyyətlidir. Bu səbəbdən Marneulidə və digər bələdiyyələrdə bunların hamısını nəzərə alaraq, virusla bağlı tətbiq olunan fövqəladə rejimlə vətəndaşların dərhal ayaqlaşması çətindir.

Buna görə ölkə daxilində genişmiqyaslı kampaniyalar və səmərəli tədbirlər həyata keçirilir.

Bundan dolayı vətəndaşlara müraciət edərək bu məsələyə yüksək vətəndaşlıq anlayışı ilə yanaşmağa çağırıram. Heç vaxt olmadığı kimi bir-birimizə dəstək olmağa, hörmət etməyə və güc toplamağa ehtiyacımız var.

Bir-birinə sevgi və ölkənin inkişafı üçün birlik göstərmək çoxmillətli Marneulidə hər bir vətəndaşın gündəlik həyatıdır.

Hər birimizin – Gürcüstan adlı bir Vətənimiz var və bu Vətənin qarşısında böyük bir problem var. Bu prosesə qarşı adekvat olmaq və bir-birimizə böyük qayğı göstərmək bizim borcumuzdur.

Burada hər kəsdən xahiş edirəm ki, bu gün dövlətin yanınızda olduğu kimi, siz də dövlətin yanında olun və beləliklə biz hamımız birlikdə bu problemi daha asanlıqla həll edəcəyik. Evdə qalın və bütün tövsiyələrə əməl edin”.

Digər xəbərlər