• 15.08.2020

Nəriman Nərimanov – 150

 Nəriman Nərimanov – 150

Bu gün Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist Nəriman Nərimanovun anadan olmasının 150 illiyi tamam olur.

NewsBureau xatırladır ki, Nəriman Kərbalayı Nəcəf oğlu Nərimanov 1870-ci il aprel ayının 14-də Tiflis şəhərində yoxsul bir ailədə anadan olub.

O, 1882-ci ildə Qori Seminariyasına daxil olmuş, 1890-cı ildə Seminariyanı bitirərək Tiflis quberniyasının Borçalı qəzasındakı Qızılhacılı kənd ibtidai məktəbinə müəllim təyin olunub. 1891-ci ildə Bakıya köçmüş, burada A.İ.Pobedonostsevin xüsusi progimnaziyasında müəllimliyə başlamış, eyni zamanda, geniş mədəni-maarif, ədəbi və siyasi fəaliyyətlə də məşğul olub.

N. Nərimanovun ilk qələm təcrübəsi “Nadanlıq” pyesidir. “Nadanlıq” pyesi 1894-cü ildə Azərbaycan dilində çap olunmuş, 1895-ci ildə ilk dəfə Bakıda tamaşaya qoyulub. O yazdığı “Bahadır və Sona” əsəri ilə Azərbaycan ədəbiyyatında ilk milli romanın, “Nadir şah” əsəri ilə isə ilk tarixi faciənin əsasını qoyub.

Siyasi fəaliyyətə 1905-ci ildə sosial-demokrat “Hümmət” təşkilatında başlayıb. Azərbaycanın sovetləşməsindən sonra respublika hökumətinin – Xalq Komissarları Şurasının sədri olub.

1922-ci ildə SSRİ Mərkəzi İcrayyə Komitəsinin sədrlərindən biri seçilib. 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat edib, Kremlin divarları önündə dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyev 14 fevral 2020-ci il tarixində N.Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən görkəmli yazıçı və dövlət xadiminin yubileyinə dair tədbirlər planı hazırlanıb həyata keçirilir.

N.Nərimanovun Gürcüstanın Marneuli rayonunda heykəli (1983-cü ildə ucaldılıb) və müəllimlik etdiyi Qızılhacılı kənd məktəbinin həyətində büstü var.

Tbilisidə, İ.Qrişaşvili küçəsi 41 ünvanında isə onun Xatirə Muzeyi fəaliyyət göstərir. Muzey 2017-ci ilin iyununda açılıb.  İki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Muzeyin tikinti-bərpası işləri üzrə layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.

Digər xəbərlər