• 15.08.2020

Cəlil Məmmədquluzadə – 151

 Cəlil Məmmədquluzadə – 151

Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 151 illiyi tamam olur.

NewsBureau xatırladır ki, Cəlil Hüseynqulu oğlu Məmmədquluzadə 22 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olub.

İlk təhsilini əvvəlcə mollaxanada, sonra isə üçsinifli Naxçıvan şəhər məktəbində alıb. 1887-ci ildə Qori Müəllimlər Seminariyasını bitirib, İrəvan quberniyasının Uluxanlı, Naxçıvan mahalının Baş Noraşen (indiki Şərur rayonunda Cəlilkənd), Nehrəm kəndlərində müəllimlik edib. Kəndlərdə müəllim işlədiyi illər ədibin gələcək yaradıcılığı üçün zəngin material verib. 1889-cu ildə yazdığı “Çay dəstgahı” alleqorik mənzum dramı onun ilk əsərlərindəndir. Bir sıra kiçik hekayələrini, “Kişmiş oyunu” komediyasını və “Danabaş kəndinin əhvalatları” povestini də bu dövrdə yazıb.

Böyük ədib Gürcüstanın paytaxtı Tbilisidə uzun illər yaşayıb-yaradıb və müəllifi olduğu “Molla Nəsrəddin” jurnalının ilk sayını da məhz bu şəhərdə nəşr etdirib. Satirik nəşrin ilk sayı 1906-cı ilin aprelin 7-də işıq üzü görüb.

Mirzə Cəlilin Tbilisidə, Besiki küçəsi, 24 ünvanında  yerləşən ev muzeyi acınacaqlı vəziyyətdədir. Muzey 1997-ci il oktyabrın 11-də açılıb və o vaxtdan binada heç bir təmir-bərpa işləri aparılmayıb.

Cəlil Məmmədquluzadə 1932-ci ilin yanvarın 4-də Bakı şəhərində vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.

Azərbaycanda bir sıra küçə və mədəni-maarif müəssisələrinə (o cümlədən Naxçıvan Dövlət Musiqili Dram Teatrına və Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinə) C.Məmmədquluzadənin adı verilib. Keçmiş Astraxan rayonu və şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılıb. Naxçıvanda və Cəlilabadda heykəli qoyulub. Bakıda və Naxçıvanda ev-muzeyləri, Nehrəm və Cəlilkənd kəndlərində xatirə muzeyləri açılıb. Anadan olmasının 100 və 125 illik yubileyləri təntənəli şəkildə qeyd olunub. 2019-cu ildə Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı əsasında böyük ədibin150 illik yubileyi qeyd olunub. Ötən ilin oktyabrında Tbilisidə Cəlil Məmmədquluzadənin yaradıcılığı mövzusunda elmi konfrans təşkil olunub.

Digər xəbərlər