• 07.12.2019

SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan kəndi qazlaşdırıb

 SOCAR Gürcüstanda azərbaycanlılar yaşayan kəndi qazlaşdırıb

Gürcüstanın Marneuli rayonunun Xancığazlı və Kaspi rayonunun Niqoza kəndlərində qazpaylayıcı kəmərlərin açılışı olub.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Niqoza kəndinə dövlət sifarişi əsasında qazpaylayıcı xəttin inşası tamamlanıb,  azərbaycanlıların yaşadığı Xancığazlı kəndində isə SOCAR öz sərmayəsi və təşəbbüsü ilə qaz xətti inşa edərək istismara verib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Kvemo Kartli bölgəsinin qubertantoru Şota Rexviaşvili, Marneuli meri Zaur Darğallı, “SOCAR Energy Georgia” və “SOCAR Georgia Gas” şirkətlərinin rəhbərliyi, həmçinin regiondan seçilmiş deputatların iştirakı ilə Xancığazlı kəndində tikintisi bu yaxınlarda başa çatdırılmış qazpaylayıcı xəttin açılış mərasimi keçirilib.

Xancığazlıdakı qazpaylayıcı şəbəkənin tikintisi “SOCAR Georgia Gas” şirkətinin təşəbbüsü və sifarişi ilə həyata keçirilib və Gürcüstanın müvafiq səlahiyyətli qurumu ilə razılaşdırılıb. Boru kəmərinin uzunluğu 7400 metrdir. Görülmüş qazlaşdırma tədbirləri nəticəsində Xancığazlı kəndində yaşayan 127 ailə təbii qazdan istifadə imkanı əldə edib. 86 ailənin evi artıq qazlaşdırılıb. Hazırda Kvemo Kartli regionunda 117 mindən çox ailə təbii qaz istifadəçisidir.

Niqoza kəndindəki qazpaylayıcı xətt Gürcüstan Qaz Nəqliyyat Şirkətinin sifarişi ilə tikilib. Uzunluğu 3 min metrdən artıq olan şəbəkənin istismarı “SOCAR Georgia Gas” tərəfindən həyata keçiriləcək. Görülən işlər nəticəsində Niqoza kəndində 90 ailə təbii qazla təmin olunub. Hazırda Şida Kartli regionunda 89 300 ailə təbii qazdan istifadə edir.

Oxşar xəbərlər