• 07.12.2019

SOCAR Gürcüstana 1 mlrd. dollardan çox sərmayə qoyub

 SOCAR Gürcüstana 1 mlrd. dollardan çox sərmayə qoyub

2007-2018-ci illər ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və ona tabe qurumlar tərəfindən Gürcüstan iqtisadiyyatına 1 milyard ABŞ dollarından çox sərmayə qoyulub.

Bu barədə şirkətin “Davamlı İnkişaf haqqında” hesabatında qeyd olunub.

Bildirilib ki, 2008-ci ildə “SOCAR Energy Georgia” Gürcüstanın qazlaşdırılmasına ən azı 250 mln. ABŞ dolları sərmayə qoymağı və ən azı 250 min yeni abonentin əlavə edilməsini öhdəsinə götürüb. Bununla əlaqədar 2018-ci ildə Gürcüstanın qazlaşdırılmasına 41,9 milyon dollar investisiya qoyulub. Bundan başqa, Rustavidə idman meydançasının bərpası, güclü yanğından sonra Borjomi meşəsinin 2 hektar ərazisində və Tbilisi şəhərinin Varketili rayonunda “Yaşıl Varketili” sosial aksiyası çərçivəsində ağacların əkilməsinə ümumilikdə 50 640 dollar vəsait xərclənib, maddi dəstək tədbirləri həyata keçirilib.

2017-ci ildə SOCAR, Gürcüstana 1 379,7 milyon kubmetr qaz ixrac edib. 2018-ci ildə bu rəqəm 1,4% artaraq 1 399,7 milyon kubmetr təşkil edib.

Qeyd edək ki, SOCAR-ın Gürcüstanda fəaliyyəti “SOCAR Georgia Petroleum”, “SOCAR Gas Export-Import”, “SOCAR Georgia Gas”, “SOCAR Georgia Gas Distribution”, “Black Sea Terminal” və digər şirkətlər vasitəsilə həyata keçirilir. “SOCAR Georgia Petroleum” MMC Gürcüstan bazarında Azərbaycanın və üçüncü tərəflərin neft məhsullarının topdan və pərakəndə satışını təşkil edir. Şirkətinə 115 YDM, 16 xidmət mərkəzi və 5 neft terminalı daxildir.

“SOCAR Georgia Gas”ın əsas fəaliyyəti Gürcüstan ərazisinin qazlaşdırılması proqramının icrasını təmin etməkdir. “SOCAR Georgia Gas” MMC Gürcüstanın regionlarına təbii qaz tədarükü və paylanmasını həyata keçirir və 670 mindən artıq abonentə xidmət göstərməklə yerli qaz şəbəkəsini idarə edir. “SOCAR Gas Export-Import”un əsas fəaliyyəti isə Gürcüstanın bütün sosial sektorunda fasiləsiz qaz təchizatı üçün zəruri olan həcmdə təbii qazın iki qrup istehlakçıya: əhali və enerji istehsalı obyektlərinə çatdırılmasına yönəldilib.

Oxşar xəbərlər