Turqay Vəlizadə Azərbaycan teatrından 11 nəfərin işdən çıxarılmasına münasibət bildirib

 Turqay Vəlizadə Azərbaycan teatrından 11 nəfərin işdən çıxarılmasına münasibət bildirib

“Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrında səkkizi aktyor olmaqla 11 nəfərin işdən azad edilməsi qanun çərçivəsində atılan addım olub”.

NewsBureau xəbər verir ki, bunu “Report”un yerli bürosuna açıqlamasında teatrın bədii rəhbəri Turqay Vəlizadə bildirib.

Onun sözlərinə görə, həmin şəxslərin altı ay müddətində işə gəlməməsi teatrın fəaliyyətinə mane olurdu:

“Bu müddət ərzində onlar teatrın taleyi ilə maraqlanmayıblar və rəhbərliyin xahişlərinə məhəl qoymayıblar. Bir neçə dəfə onlara töhmət verilsə də, qanunu pozduqlarına görə əməkhaqqılarının yarısı kəsilsə də, bu addımların heç bir nəticəsi olmayıb. Nəhayət fevral ayında onların işdən azad edilməsinə qərar verilib”.

T.Vəlizadə işdən çıxarılanların yenidən işə bərpa olunması mümkünlüyünə də münasibət bildirib. O, bunun inanılmaz bir addım kimi görsəndiyini deyib.

Hazırda teatrda beş aktyorun çalışdığını vurğulayan bəddi rəhbər vakant yerlərə aktyor və digər əməkdaşların qəbul olunacağını deyib: “Onların arasında peşəkar aktyor olmaya da bilər. Teatr həmin kadrlardan peşəkar aktyor yetişdirəcək. Vaxtilə teatr bu yolla artıq bir sıra aktyor yetişdirib. Teatrda çalışan hər bir aktyor vaxtilə peşəkar olmayıb və buna teatrda çalışaraq nail olublar”.

O, istefası ilə bağlı səsləndirilən tələbləri əsassız hesab etdiyini söyləyib.

Bədii rəhbər teatrın gələcək planlarından da danışıb: “Gələcək üçün çoxlu maraqlı planlarımız var. Yeni tamaşalarla tamaşaçılarımızi sevindirəcəyik və eyni zamanda beynəlxalq teatr festivallarında iştirak etmək və teatrımızı nəinki Gürcüstanda, eləcə də ölkə xaricində tanıtdırmağa çalışacağıq”. 

Digər xəbərlər