• 14.08.2020

Tbilisi Azərbaycan teatrının işdən çıxarılan 11 əməkdaşının BƏYANATI

 Tbilisi Azərbaycan teatrının işdən çıxarılan 11 əməkdaşının BƏYANATI

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının işdən çıxarılan 11 əməkdaşı bəyanat yayıb.

NewsBureau xəbər verir ki, sənəddə deyilir:

1) Teatrın bugünkü vəziyyətə düşməsinin əsas səbəbkarları Turqay Vəlizadəni teatra yerli icmanın və kollektivin rəyini nəzərə almadan təyin edənlərdir və onlar bu təyinatı teatrı çökdürmək üçün məqsədyönlü şəkildə ediblər;

2) Kollektiv Turqaya təyin olunduğu vaxtdan 9 ay şans verdi və onunla işləməyə çalışdı, ancaq Turqayın qeyri-peşəkarlığı, öz himayədarlarına güvənərək aktyorlara qarşı kobudluqları və hədələri, ədalətsizlikləri və yekəxanalığı, ayrı-seçkiliyi və s. kollektivdə mütləq çoxluğun narazılığına səbəb oldu. Hələ ötən ilin payızında bu barədə Gürcüstan Mədəniyyət Nazirliyinə yazılı şikayətlər oldu. Bütün bunlarla bağlı biz nazirliyə belə bir rəhbərlə işləməyin mümkün olmadığını və boykot elan etdiyimizi həm yazılı, həm də şifahi şəkildə çatdırdıq. Ancaq bilərəkdən heç bir tədbir görülmədi;

3) Ölkənin koronavirusla bağlı belə ağır vəziyyətində aktyorların işdən kütləvi azad olunması fürsətçillik və Turqayın iş keyfiyyətlərinin olmaması bir yana, mənəviyyatının da hansı səviyyədə olduğunu göstərdi. Məhz belə bir zamanda bu addımı atması bir daha təsdiqləyir ki, o, mənəviyyatsız adamdır və onunla işləmək qeyri-mümkündür.

4) Turqay Vəlizadənin bu addımı ciddi hüquq pozuntusudur və təbii ki, o, buna görə onu teatra təyin edən himayədarları ilə birlikdə məhkəmə qarşısında cavab verəcək. Biz Gürcüstanda qanunun və ədalətin aliliyinə inanırıq. Ona görə də əminik ki, nəinki məhkəmə yolu ilə aktyorlar öz işlərinə qaytarılacaq, hətta bu ağır günlərdə onlara sarsıdıcı zərbə vuran insanlar qanun qarşısında məsuliyyət daşıyacaq və maddi təzminat ödəyəcəklər.

Teatrımızın və milli mədəniyyətimizin inkişafı, kobud şəkildə pozulmuş hüquqlarımızın bərpası, günahkarların cəzalandırılması üçün mübarizəmizi bütün instansiyalara baş vurmaqla sona qədər aparmaqda qərarlıyıq və bunu açıq bəyan edirik.

Bizləri dəstəklədiklərinə görə icmamızın bütün üzvlərinə, ziyalılarımıza, hüquq müdafiəçilərinə minnətdarlığımızı bildiririk.

P.S.

Bu bəyanat yalnız ictimaiyyətə deyil, eyni zamanda Gürcüstan Mədəniyyət Nazirliyinə, Gürcüstanın bütün əlaqədar dövlət qurumlarına ünvanlanan müraciətdir. Teatrın onurğasını təşkil edən, bütün gənclik enerjisini bu teatra həsr edən 11 nəfərin səsini ən azı ölkəmizin hüquq-məhkəmə sisteminin eşidəcəyinə inanırıq”.

Digər xəbərlər