• 15.08.2020

Tbilisi Azərbaycan teatrının aktyorları kütləvi işdən çıxarılıb

 Tbilisi Azərbaycan teatrının aktyorları kütləvi işdən çıxarılıb

Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının 11 işçisi işdən çıxarılıb.

NewsBureau xəbər verir ki, onların 8-i peşəkar aktyordur.

İşdən azad olunan aktyorlar bildiriblər ki, ötən gün teatr rəhbərliyinin bu qərarı barədə məktub alıblar. Onlar bu addımı olduqca ədalətsiz və təəssüfedici adlandırıblar.

Kütləvi işdən qovulma teatrın bədii rəhbəri təyin olunan Turqay Vəlizadənin boykotu ilə əlaqədardır. O, bədii rəhbər olandan aktyorların böyük əksəriyyəti buna etiraz ediblər və işə çıxmayıblar.

“Facebook” sosial şəbəkəsində azərbaycanlı gənclər və ictimai fəallar işdən çıxarılanlara dəstək ifadə edirlər. Onlar T.Vəlizadəni istefa verməyə çağırırlar.

Məsələyə deputat Savalan Mirzəyev də münasibət bildirib. O, “Facebook” səhifəsində aktyorların işdən çıxarılması barədə qərara üzüldüyünü qeyd edib: “İlk öncə onu qeyd edim ki, bu teatr hər bir Gürcüstan azərbaycanlısının tarixi mədəniyyət evidir və onun taleyinə susmaq olmaz. Turqay Vəlizadənin atdığı bu addım hər birimizə qarşı atılmış pis bir addımdır. Teatrdan uzaqlaşdırılan heyət illərdir teatrımızı yaşadan, qoruyan, şəraitləri ürəkaçan olmasa da, hər zaman tamaşaçının ürəyini oxşayan istedadlarımızdır. Onlara qarşı ədalətsiz davranmaq hər birimizə edilən ədalətsizlikdir.

Əziz dostlar, tez bir vaxtda ədalətin yerini tapacağına inanıram və bunun üçün də əlimdən gələni edəcəyəm”.

Digər xəbərlər