• 09.04.2020

Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” filmi təqdim olunub – FOTO

 Tbilisidə “Mirzə Cəlilin Azərbaycanı” filmi təqdim olunub – FOTO

Tbilisidə Azərbaycanın görkəmli ədibi Cəlil Məmmədquluzadənin 150 ilik yubileyinə  həsr edilən “Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli film təqdim olunub.

NewsBureau xəbər verir ki, təqdimat M.F.Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Mərasimdə bildirilib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm” studiyasının lentə aldığı filmin rejissoru Tahir Əliyev, ssenari müəllifi Nadir Bədəlov, prodüseri Nazim Hüseynov, operatoru isə Elxan Rüstəmovdur.

Filmin çəkilişləri Naxçıvan, Ağcabədi rayonları və Gürcüstanın Tbilisi və Qori şəhərlərində aparılıb. Yaxın gələcəkdə filmin gürcü dilində də hazırlanması planlaşdırılıb.

Əsas süjei Cəlil Məmmədquluzadənin əsərlərinin motivləri və personajları üzərində qurulan ekran əsərində görkəmli ədibin ilk dəfə Tbilisidə nəşr etdirdiyi “Molla Nəsrəddin” satirik jurnalı ilə bağlı maraqlı faktlar da yer alıb.

Nümayişdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, muzeyin direktoru Leyla Əliyeva, səfirliyin əməkdaşları, filmin yaradıcı heyətinin üzvləri, Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin icraçı direktoru Aygül İsayeva, azərbaycanlı ziyalı, gənclər və məktəblilər iştirak ediblər. Sənədli filmi izləyicilər böyük maraqla qarşılayıblar.

Digər xəbərlər