• 20.02.2020

Zəlimxan Yaqubun vəfatından 4 il ötür

 Zəlimxan Yaqubun vəfatından 4 il ötür

Bu gün Azərbaycanın xalq şairi, ictimai xadim Zəlimxan Yaqubun vəfatının dördüncü ildönümü tamam olub.

NewsBureau xatırladır ki, şair 66 yaşında 2016-cı ilin yanvarın 9-da dünyasını dəyişib.

Z.Yaqub uzun müddət böyrək xəstəliyindən əziyyət çəkib. O, Bakıdakı Birinci Fəxri Xiyabanda dəfn olunub.

Xalq şairinin bu ay anadan olmasının 70 illiyi tamam olacaq. Onun yubileyinə həsr olunan tədbirlər Azərbaycanla yanaşı Gürcüstanda da keçiriləcək.

Z. Yaqub 21 yanvar 1950-ci ildə Gürcüstan Respublikası, Bolnisi rayonunun Kəpənəkçi kəndində anadan olub. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1973-cü ildən 1978-ci ilə qədər “Azərkitab” sistemində, “Kitab pasajı” adlı kitab dükanında satıcı, baş satıcı, şöbə müdiri, 1975-ci ildən 1985-ci ilə qədər Azərbaycan Könüllü Kitabsevərlər Cəmiyyətində təbliğat şöbəsində redaktor, şöbə müdiri, 1987-ci ildən 1994-cü ilə qədər “Yazıçı” nəşriyyatında poeziya şöbəsində redaktor, şöbə müdiri vəzifələrində çalışıb.

1995-2005-ci illərdə Milli Məclisin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.

1994-cü ildən Azərbaycan Respublika Prezidenti yanında Əfv Komissiyasının üzvü idi.

Z.Yaqub 20-dən artıq şeir kitabının müəllifidir. Şairə həsr edilmiş bir neçə sənədli film çəkilib.

Digər xəbərlər