• 20.02.2020

Gürcüstanda “Nəsimi-650” adlı tədbir keçirilib

 Gürcüstanda “Nəsimi-650” adlı tədbir keçirilib

Azərbaycanın Gürcüstandakı səfirliyində dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbir keçirilib.

NewsBureau xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxışında böyük şairin yaradıcılığının yalnız Azərbaycan xalqının deyil, Şərq xalqlarının da yaddaşında yaşadığını bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan edilməsi və şairin 650 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncamlarını xatırladan səfir bu sənədlərin İ.Nəsiminin yaradıcılığına olan böyük hörmət və ehtiramın təzahürü olduğunu deyib.

D.Həsənov “Nəsimi ili” çərçivəsində Azərbaycanla yanaşı, dünyanın bri sıra ölkələrində də tədbirlərin həyata keçirildiyini deyib.

O, böyük ədibin yaradıcılığına Azərbaycanda dövlət səviyyəsində göstərilən böyük diqqət və qayğıdan, “Nəsimi ili” çərçivəsində ölkədə keçirilən müxtəlif geniş miqyaslı tədbirlər barədə də söz açıb.

Daha sonra İ.Nəsimiyə həsr olunan videoçarx nümayiş etdirilib.

Professor Mahmud Kamaloğlu İ.Nəsiminin həyat və yaradıcılığının müxtəlif dövrləri barədə məruzə ilə çıxış edib. O bildirib ki, böyük filosof olan İ.Nəsiminin ideyaları ilə o zamankı insanların dünyagörüşləri arasında böyük ziddiyyətlər olub.

M.Kamaloğlu deyib ki, dahi Nizami və Füzuli əbədiyaşar olduğu kimi, Nəsimi də ölməzdir. Onun sözlərinə görə, İ.Nəsimi Azərbaycan xalqının dünyaya bəxş etdiyi böyük mütəfəkkirdir.

Çıxış edən digər natiqlər də böyük şairin yaradıcılığı və əsərləri, ictimai fikir tarixində oynadığı rolu, hürufilik ruhunda yazdığı şeirləri barədə öz fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində “Nəsimi” filmindən fraqmentlər təqdim olunub. Mərasimdə azərbaycanlı ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Mənbə: Report

Digər xəbərlər