• 14.12.2019

Azərbaycanlı və gürcü musiqiçilər Tbilisidə birgə konsert veriblər – FOTO

 Azərbaycanlı və gürcü musiqiçilər Tbilisidə birgə konsert veriblər – FOTO

Tbilisidə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində azərbaycanlı və gürcü musiqiçilərin iştirakı ilə birgə konsert proqramı təqdim olunub.

NewsBureau xəbər verir ki, tədbir muzeylə yanaşı Azərbaycanın Beynəlxalq Muğam Mərkəzi (BMM) və Gürcüstan Dövlət Folklor Mərkəzinin təşkilatçılığı ilə baş tutub.

Konsertdə Azərbaycanın xalq artisti Mənsum İbrahimov “Qarabağ” muğam qrupu ilə, gürcüstanlı aşıq Nargilə Mehtiyevanın rəhbərlik etdiyi “Meydan” qrupu, Gürcüstanın “Nanina” Qadın Xalq Çalğı Alətləri Ansamblı və “Edjari” etnocaz instrumental ansamblı çıxış edib.

M.İbrahimov dost və qardaş Gürcüstanda, soydaşlar qarşısında konsert proqramında çıxış etməkdən qürur duyduğunu bildirib. O, konsert proqramının maraqlı alındığını qeyd edərək bu cür tədbirlərin davamlı olacağına ümidvar olduğunu deyib.

“Qarabağ” muğam qrupunun musiqiçilərinin “Ay Laçın” xalq mahnısının tərkibində məşhur “Tbiliso” kompozisiyasından bir parçanı ifa etmələri tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Konsert proqramından sonra xalq artisti Murad Hüseynov rəhbərlik etdiyi Beynəlxalq Muğam Mərkəzinin adından M.F. adına Azərbaycan Mədəniyyəti Muzeyinə tar aləti hədiyyə edib. Muzeyin Fond rəhbəri Leyla Əliyeva hədiyyəyə görə təşəkkürünü bildirib.

L.Əliyeva Mənsum İbrahimov, Murad Hüseynov və tədqiqatçı-alim Gülhüseyn Kazımlıya Gürcüstan-Azərbaycan mədəni əlaqələrinin möhkəmləndirilməsinə verdikləri töhvəyə görə M.F. adına Azərbaycan Mədəniyyəti Muzeyinin xüsusi diplomlarını təqdim edib.

Qeyd edək ki, konsert proqramı “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” mövzusunda “dəyirmi masa” layihəsi çərçivəsində təşkil olunub. 

Mənbə: Report

Oxşar xəbərlər